McDonald's
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir.
== Haqqında ==
=== Tarixi ===
1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü.